Dağıstandan Ukrayna ilə həmsərhəd ərazilərə yola salınan humanitar karvan hücuma məruz qalıb. Hadisə nəticəsində üç nəfər həlak olub. Bu barədə Dağıstan rəhbəri Sergey Melikov məlumat verib.
Həlak olanlar arasında Şamil rayonunun icra başçısının müavini Maqomednəbi Hacıyev, eləcə də “Özünümüdafiə” ictimai təşkilatının üzvləri Əli və Murad var. Daha bir müşayiətçi yaralanaraq xəstəxanaya yerləşdirilib.
Melikovun sözlərinə görə, yük Şamil rayonundan göndərilib. Humanitar yardım iki yük maşını ilə daşınıb. Maşınlardan biri yolda texniki nasazlıq səbəbilə dayanıb. Digəri — QAZel isə minik avtomobili ilə müşayiət olunarkən pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.
Karvan hərbi qulluqçular üçün nəzərdə tutulan yardım daşıyırdı: ərzaq məhsulları, mühəndis işləri üçün alətlər və uşaqların əsgərlərə ünvanladığı məktublar. Hadisə ilə bağlı araşdırma aparılır.

