Rusiyanın Ukraynanın Zaporojye vilayətinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 26-ya yüksəlib.
Reuters-in məlumatına görə, noyabrın 2-də Komışuvaxa yaşayış məntəqəsində humanitar yardım paylanılan məktəb binası və insanların sığındığı ərazi hücuma məruz qalıb.
Ukraynanın fövqəladə hallar xidmətinin açıqlamasına əsasən, həlak olanlar arasında iki xilasedici və dörd polis əməkdaşı da var.
Daha beş nəfər yaralanıb. Onlardan ikisi xilasedicidir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya qüvvələri əvvəlcə humanitar məqsədlərlə istifadə edilən məktəbə zərbələr endirib, daha sonra isə insanların sığındığı ərazini doqquz aviasiya bombası ilə vurub.
Məlumata görə, dağıntılar altında qalanların axtarışı davam edir. Reuters-in yaydığı son məlumatda 27 nəfərin itkin düşdüyü bildirilir.
Ərazidə xilasedicilər, hərbçilər və xüsusi xidmət əməkdaşları axtarış-xilasetmə işləri aparırlar.

