Şimali Koreya ABŞ-nin “Binance” kriptovalyuta birjasına kiberhücumda iştirakla bağlı ittihamlarını rədd edib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib ki, Vaşinqton yenidən Pxenyanı beynəlxalq kibercinayətlərlə əlaqələndirməyə çalışır.
“ABŞ Federal Təhqiqatlar Bürosu Şimali Koreya tərəfindən guya dəstəklənən haker təşkilatının hadisədə iştirakına dair məlumat əldə etdiyini bildirərək bizi ‘kibercinayətkar dövlət’ kimi qələmə verməyə çalışır. Lakin ABŞ-nin açıqlamaları əsassız cəfəngiyatdır və burada yeni heç nə yoxdur”, – deyə Kim Yo Çjon vurğulayıb.
O, Vaşinqtonun daha əvvəl “Bybit” kriptovalyuta birjasına ehtimal olunan kiberhücumla bağlı Şimali Koreyaya qarşı irəli sürdüyü ittihamları da xatırladıb.
Kim Yo Çjon ölkə hökumətinin kibercinayətlərə qarşı olduğunu, həmçinin bu cür ittihamlardan digər dövlətlərin daxili işlərinə müdaxilə məqsədilə istifadə edilməsinə qarşı çıxdığını bildirib.

