Qazaxıstanlı Natalya Kalımbetova 30 ildən çox axtardığı qızı Anjelika ilə ABŞ-də görüşüb. Ana ilə qızın qohumluğu DNT testi ilə təsdiqlənib.
Bu barədə qadın sosial şəbəkə hesabında məlumat yayıb.
Natalyanın sözlərinə görə, o, gəncliyində dörd kişinin cinsi zorakılığına məruz qalıb və bundan sonra qızını dünyaya gətirib. Övladını özü böyütmək istəsə də, yaxınlarının təzyiqi ilə körpəni sosial müəssisəyə verməyə məcbur olub.
Daha sonra ailə həyatı quran və oğul övladı dünyaya gətirən qadın Amerikada böyüyən qızını axtarmaqdan vaz keçməyib.
İllər sonra baş tutan görüşdə Natalya qızını dərhal tanıdığını, Anjelikanın isə qohumluqlarını DNT testi ilə təsdiqləmək istədiyini bildirib.
İndi ana qızı ilə birlikdə Tailand səfərinə çıxmağı planlaşdırır. Çində təhsil alan oğlu da onlara qoşulacaq. Natalya iki övladını tanış etmək və ailəliklə vaxt keçirmək istəyir.
Qadın, həmçinin illər əvvəl ona qarşı zorakılıq törətdiyini bildirdiyi dörd kişinin cinayət məsuliyyətinə cəlb olunmasına çalışır.
Bu məsələdə ona Qazaxıstanın “NeMolçi” fondunun rəhbəri Dinara Smailova kömək edir. Fond rəhbərinin sözlərinə görə, istintaqda artıq müəyyən izlər aşkarlanıb və işin uğurla yekunlaşması onilliklər əvvəl törədilmiş cinsi zorakılığa görə məsuliyyətə cəlbetmə baxımından beynəlxalq presedent yarada bilər.

