25 yaşdan kiçik şəxslərə dolğu preparatlarının tətbiqi ciddi fəsadlara səbəb ola bilər.
Bu barədə dermatoveneroloq və kosmetoloq Yelena Lomanova NEWS.ru nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, gənc yaşda dolğu prosedurları şişkinliyə, toxumaların həddindən artıq dartılmasına və qan dövranının pozulmasına səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, kosmetoloji prosedurları yalnız yaşa görə məhdudlaşdırmaq düzgün deyil. Məsələn, çapıqların azaldılması üçün lazer proseduru tibbi göstəriş əsasında tətbiq oluna bilər. Lakin 25 yaşda cavanlaşdırıcı prosedurlara müraciət etmək hələ məqsədəuyğun deyil.
“Bu yaşda dolğu preparatlarından uzaq durmaq lazımdır. Gənclərdə, adətən, bərpa edilməli olan dərin piy toxuması çatışmazlığı olmur”, – deyə Lomanova xəbərdarlıq edib.

Kosmetoloq bildirib ki, aqressiv kimyəvi pilinqlər də dərinin qoruyucu funksiyasını zəiflədə, qıcıqlanma yarada və həssaslığı artıra bilər. Buna görə dərinin fərdi xüsusiyyətləri nəzərə alınmaqla daha yumşaq, səthi pilinqlərə üstünlük verilməlidir.
Həkim gənc yaşda iynəli RF-liftinq və saplarla üz gərmə prosedurlarını da əksər hallarda lazımsız hesab edir.
Onun sözlərinə görə, sürətli çəki dəyişiklikləri, hormonal və endokrin pozuntular kimi hallar istisna təşkil edə bilər. Saplarla gərmə isə bəzi şəxslərdə genetik olaraq sallanmaya meyilli üst göz qapağının yüngül dartılması zamanı nəticə verə bilər.

