Qarşıdan gələn Zəfər Günü ilə əlaqədar “WhatsApp” platformasında saxta kampaniyalar yayılır.
Bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.
Bildirilib ki, istifadəçilərə Azərbaycan Prezidentinin adından 100 manat pul mükafatı veriləcəyi barədə mesajlar göndərilir.
Həmin mesajlarda zərərli keçidlər (linklər) yerləşdirilir.
MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından göndərilən şübhəli mesajlara və keçidlərə qarşı diqqətli olmağı, məlumatları yalnız rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edib.
Agentlik bu cür hallarla qarşılaşan şəxslərdən www.nca.az rəsmi saytı vasitəsilə məlumat vermələrini xahiş edib.


