ABŞ-nin məşhur “Walt Disney Co.” şirkəti illik xərclərini 20 faiz azaltmaq məqsədilə minlərlə əməkdaşını işdən çıxarmağa hazırlaşır.
Bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, şirkət qənaətə həm iş yerlərinin ixtisarı, həm də digər xərclərin azaldılması hesabına nail olmağı planlaşdırır.
İxtisarlar əsasən əyləncə parklarını, televiziya kanallarını və kinostudiyanı əhatə edəcək.
Şirkətin baş direktoru Coş D'Amaro (Josh D'Amaro) qənaət edilən vəsaitin bir hissəsini yeni məzmun istehsalına, texnologiyaların inkişafına, həmçinin əyləncə parkları və kruiz biznesinin dəstəklənməsinə yönəltməyi planlaşdırır.
Qeyd olunur ki, “Disney” son illərdə xərclərini milyardlarla dollar azaldıb və minlərlə iş yerini ləğv edib. Ötən maliyyə ilinin sonunda şirkətin dünya üzrə 231 min əməkdaşı olub.
Bloomberg-in məlumatına görə, “Netflix”, “Sony Pictures Entertainment”, “Paramount” və “Warner Bros.” kimi media şirkətlərində də işçi ixtisarları aparılır.
Buna səbəb kimi ənənəvi televiziyadan əldə olunan gəlirlərin azalması, striminq xidmətlərinə yeni abunəçilərin artım tempinin zəifləməsi, eləcə də sosial şəbəkələr və “Amazon”, “Apple” kimi texnologiya nəhənglərinin platformaları ilə rəqabətin çətinləşməsi göstərilir.

