Özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək Azərbaycan vətəndaşlarının pullarını mənimsəyən beynəlxalq kiberdələduzluq şəbəkəsinin təşkilatçıları saxlanılaraq ölkəmizə gətirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan polisi Ukrayna polisi ilə birgə həmin ölkənin ərazisində əməliyyat keçirib. Nəticədə Ukraynadan idarə olunan və Azərbaycan vətəndaşlarını hədəfə alan mütəşəkkil kiberdələduzluq şəbəkəsinin fəaliyyəti ifşa edilib.
Araşdırma zamanı müəyyən olunub ki, şəbəkə Ukraynanın bir neçə şəhərində müxtəlif xidmət ofisləri adı altında yaradılan zəng mərkəzləri vasitəsilə fəaliyyət göstərib.
Yeni iştirakçıların cəlb edilməsi üçün “Telegram” platformasında yüksək maaş vəd edən informasiya texnologiyaları və müştəri xidmətləri üzrə iş elanları yerləşdirilib. Bu yolla müxtəlif ölkələrin vətəndaşları qanunsuz fəaliyyət göstərən mərkəzlərə cəlb olunublar.
Dələduzlar əvvəlcədən hazırlanmış danışıq ssenarilərindən istifadə edərək Azərbaycan vətəndaşlarına zəng ediblər.
Onlar özlərini polis, mobil operator, bank və investisiya şirkətlərinin əməkdaşları kimi təqdim edərək vətəndaşları aldatmağa çalışıblar.
Zəng zamanı şəxslərə bank hesablarında şübhəli əməliyyatların aparıldığı, pullarının təhlükədə olduğu, kartlarının bloklanacağı və ya onların adından qanunsuz maliyyə əməliyyatları həyata keçirildiyi barədə yalan məlumatlar verilib.
Bəzi hallarda isə vətəndaşları tora salmaq üçün yüksək gəlir vəd edən saxta investisiya təkliflərindən istifadə olunub.
DİN-in məlumatına görə, son beş ildə kibercinayətkarlığın dünya iqtisadiyyatına vurduğu illik zərər 75 faiz artaraq 6 trilyon dollardan 10,5 trilyon dollara yüksəlib.

