İranın Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrini və Kral Hərbi Hava Qüvvələrini terror təşkilatı elan etməsi Londonda sərt reaksiyaya səbəb olub.
Britaniya və Almaniyanın müdafiə rəsmiləri Berlində keçirilən birgə mətbuat konfransında bu məsələyə toxunublar.
Britaniyalı müdafiə rəsmisi İranın qərarını “tamamilə həyasızlıq” adlandırıb.
“Bu ittihamlarla bağlı qəzet parçalarını medal kimi evimin aşağı mərtəbəsindəki tualetə asmaq istəyirəm”, – deyə o bildirib.
Rəsmi Rusiyaya da xəbərdarlıq edərək NATO ərazilərinin hər qarışını qorumağa hazır olduqlarını vurğulayıb.
“Biz Rusiya ilə müharibə etmək istəmirik. Məqsədimiz Moskvanı çəkindirməkdir”, – deyə o qeyd edib.
Ukraynadakı müharibəyə toxunan britaniyalı rəsmi Kiyevin iştirakı olmadan ölkənin gələcəyi ilə bağlı heç bir qərar qəbul edilə bilməyəcəyini bildirib.
İranla bağlı isə sərt mövqeyə baxmayaraq, Tehranla diplomatik əlaqələrin açıq saxlanılacağını vurğulayıb.
Qeyd edək ki, İran noyabrın 1-də Britaniya Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini terror təşkilatı, MI6 kəşfiyyat xidmətini isə “düşmən qrup” elan edib. Tehran bu qərarı Britaniyanın İrana qarşı addımlarına cavab kimi qiymətləndirib.

