ABŞ Sülh Şurasının ilk iclasını 19 fevralda keçirməyi planlaşdırır. Bu barədə Axios portalı ABŞ administrasiyasındakı mənbələrə və rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, iclas Vaşinqtonda keçiriləcək və toplantı ABŞ Prezidenti Donald Trampın yeni formalaşdırılan birliyə dəvət etdiyi ölkə liderləri səviyyəsində baş tutacaq.
Nəşrin yazdığına görə, ABŞ rəsmisi və Şuraya daxil olan dörd ölkənin diplomatları bildirib ki, Ağ Ev Sülh Şurası liderlərinin görüşünü 19 fevralda Qəzza məsələsinə həsr etməyi planlaşdırır.
Adının açıqlanmasını istəməyən amerikalı rəsminin sözlərinə görə, iclas və paralel keçiriləcək konfransın əsas məqsədi Qəzzanın bərpası üçün maliyyə vəsaitlərinin toplanması olacaq. ABŞ bu çərçivədə Yaxın Şərq münaqişəsinin nizamlanması planının ikinci mərhələsini həyata keçirməyi hədəfləyir.

