ABŞ-ın ən böyük investisiya şirkəti BlackRock Ukraynanın müharibədən sonrakı bərpasına cavabdeh əsas qurum ola bilər. The New York Times qəzetinin yazdığına görə, bu məsələ yenilənmiş sülh planında nəzərdə tutulur.
Məlumata əsasən, 20 maddəlik sülh planı çərçivəsində Ukraynanın bərpası üçün bir neçə investisiya fondu yaradılması planlaşdırılır. Ümumilikdə bu məqsədlə 800 milyard dollara qədər vəsaitin cəlb edilməsi nəzərdə tutulur. Layihənin icrasını isə “qlobal maliyyə lideri” statusuna malik bir qurum koordinasiya etməlidir.
NYT yazır ki, bu rol üçün ən real namizəd BlackRock hesab olunur. Şirkət dünyanın ən böyük aktiv idarəedicisi olmaqla yanaşı, son vaxtlar ABŞ tərəfi tərəfindən danışıqlara da cəlb edilib.
Nəşrin qeyd etdiyi kimi, sülh planının bəzi maddələri ABŞ-ın iqtisadi maraqlarını da əhatə edir. Belə ki, Ukraynanın bərpası üçün yaradılacaq investisiya fondlarında amerikan şirkətləri iştirak edəcək, xüsusilə enerji sektorunda layihələr həyata keçiriləcək.
Ukrayna Prezidenti Vladimir Zelenski isə daha əvvəl bildirmişdi ki, sözügedən fond həm dövlət, həm də özəl investorlar üçün açıq olacaq və ölkənin yenidən qurulmasında əsas maliyyə alətlərindən birinə çevriləcək.

