Yaponiyanın Nara prefekturası dairə məhkəməsinə ən azı 685 nəfər keçmiş hərbi dənizçi Tetsuya Yamagami barəsində hökmün elanında iştirak etmək istədiyini bildirib. Bu barədə Kyodo məlumat yayıb. Lakin məhkəmə zalında geniş ictimaiyyət üçün cəmi 31 yer ayrılıb. Beləliklə, maraq göstərənlərin sayı mövcud yerləri 22 dəfədən çox üstələyib.
Hökmün ittihamedici olacağı şübhə doğurmur: müdafiə tərəfi Yamagaminin qəsdən adam öldürmə və odlu silahların dövriyyəsinə nəzarət qanunlarını pozma ittihamları üzrə günahını tam etiraf edib. İctimai maraq əsasən cəzanın ölçüsünə yönəlib. Prokurorluq Yamagami üçün ömürlük həbs tələb edib, müdafiə isə 20 ildən az azadlıqdan məhrumetmə istəyib. Vəkillər cinayətin “Birləşmə Kilsəsi” adlanan dini təşkilat ətrafında yaranmış vəziyyətin psixoloji təzyiqi fonunda törədildiyini iddia ediblər; Yamagaminin anası həmin təşkilatın ardıcılı olub.
Qeyd edək ki, 8 iyul 2022-ci ildə Yamagami Şinzo Abeni Nara şəhərində, seçki mitinqi zamanı özünün hazırladığı çoxlüləli qurğudan açılan atəşlə öldürüb. O, hadisə yerində mühafizəçilər tərəfindən saxlanılıb. İfadəsində qətli, Abe ilə “Birləşmə Kilsəsi” arasındakı əlaqələrə inamı ilə əsaslandırıb. Sonrakı araşdırmalar bu təşkilatla Yaponiyanın həm hakim Liberal Demokrat Partiyası, həm də müxalif qüvvələrindən olan bir sıra nümayəndələrin əlaqələrinin olduğunu üzə çıxarıb. 2025-ci ilin yazında Tokio məhkəməsi sözügedən dini təşkilatın buraxılması barədə qərar verib.

