ABŞ Dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı BMT-nin təcili islahatlara ehtiyacı olduğunu bildirib.
Onun sözlərini The Guardian nəşri sitat gətirib, Denmedia.az xəbər verir.
Rubionun fikrincə, BMT böyük potensiala malik olsa da, Qəzza və Ukraynadakı münaqişələri həll edə bilməyib. O qeyd edib ki, beynəlxalq təşkilat dəfələrlə öz acizliyini nümayiş etdirib, ən kəskin qlobal problemlərə cavab verə bilmir və əvvəlki təsir gücünü itirib.
Rubio BMT-nin ləğvinə qarşı çıxdığını, lakin yeni çağırışlara uyğunlaşmaq üçün ciddi islahatların zəruri olduğunu vurğulayıb. Qəzza sektoru və Ukrayna ilə bağlı vəziyyəti şərh edərkən o bildirib ki, ideal dünyada bu və digər problemlər diplomatik vasitələrlə, sərt formulə edilmiş qətnamələr yolu ilə həll olunardı.
“Ancaq biz ideal dünyada yaşamırıq və vətəndaşlarımızı açıq şəkildə təhdid edən, qlobal sabitliyi risk altına atan və özlərinin mütəmadi şəkildə pozduğu beynəlxalq hüquq prinsiplərinin arxasında gizlənən qüvvələrə buna davam etməyə imkan verə bilmərik”, – deyə dövlət katibi bildirib.

