Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketi çərçivəsində neft tədarükünün birgə bloklanması təşəbbüsündə ABŞ və G7 ölkələrinin dəstəyini ala bilməyib. Məlumat TASS agentliyinə istinadən Brüsseldəki diplomatik mənbəyə əsaslanır.
Aİ tərəfi Vaşinqton və “Böyük yeddilik” ölkələrinə Avropa biznesinə Rusiya neftinin daşınmasını tam qadağan edən plan təqdim edib. Sənədə əsasən, Rusiya neftini daşıyan tankerlərə nəqliyyat, xidmət, təchizat, maliyyələşdirmə və sığorta dəstəyi göstərilməsi — hansı bayraq altında üzməsindən asılı olmayaraq — yasaqlanmalı idi.
“ABŞ sanksiyaların Aİ ilə sinxronlaşdırılması üzrə öhdəlik götürməkdən imtina etdi.”
Mənbənin sözlərinə görə, Avropa Komissiyası tərəfdaşlarını analoji qadağanı öz şirkətlərinə tətbiq etməyə dəvət etsə də, Vaşinqton bu mərhələdə razılıq verməyib. Ehtimal olunur ki, ABŞ gələcəkdə öz şərtləri və öz vaxtı ilə ayrıca məhdudiyyətlər tətbiq edə bilər.
Digər G7 ölkələri isə Aİ-nin restriksiyalarına “gələcəkdə qoşulma ehtimalını” istisna etməyiblər, lakin konkret vədlər verməyiblər.

