Əfqanıstan Xarici İşlər Nazirliyi Taliban hökumətinin Avropa İttifaqına ilk səfərini həyata keçirdiyini açıqlayıb.
Görüş Belçikanın paytaxtı Brüsseldə, Aİ və NATO-nun qərargahlarının yerləşdiyi şəhərdə, qapalı formatda keçirilib.
Əfqanıstan XİN sözçüsü Əbdül Qahar Bəlxi bunu “tarixi səfər” adlandırıb. Onun sözlərinə görə, görüşdə konsulluq xidmətləri, Avropadakı əfqanların vəziyyəti və Əfqanıstana geri dönüş prosesi müzakirə olunub.
Aİ Komissiyasının sözçüsü Markus Lammert isə bildirib ki, bu təmaslar texniki xarakter daşıyır və Talibanın tanınması anlamına gəlmir.
Taliban nümayəndə heyətinə Belçikada yalnız 24 saat qalmağa icazə verən məhdud viza verilib.
Nobel sülh mükafatı laureatı Malala Yusifzay isə Aİ-nin Talibanla görüşünə etiraz edərək bildirib ki, Avropa Talibanı legitimləşdirməməli, hər bir təmasda əfqan qadın və qızların hüquqları əsas mövzu olmalıdır.

