Mərakeş Kralı VI Məhəmmədin oğlu və taxtın varisi, 23 yaşlı vəliəhd şahzadə Moulay Hassanın rəsmi mərasimlərdə sərgilədiyi davranış sosial şəbəkələrdə yenidən müzakirə mövzusuna çevrilib.
“Daily Sabah” nəşrinin daha əvvəl yaydığı məlumata görə, Mərakeşdəki rəsmi tədbirlərdən birində protokol üzvləri ənənəyə uyğun olaraq şahzadənin əlini öpmək üçün əyiliblər. Moulay Hassan isə əlini nəzakətlə geri çəkərək onlarla əl sıxmağa üstünlük verib.
Görüntülərdə vəliəhdin əlini öpmək istəyən şəxslərə sərt reaksiya vermədiyi, kiçik bir hərəkətlə bunun qarşısını aldığı və salamlaşmanı əl sıxmaqla davam etdirdiyi görünür.
Bu davranış yeni deyil. Beynəlxalq mediada yayılan əvvəlki görüntülərdə də Moulay Hassanın uşaqlıq illərindən etibarən rəsmi mərasimlərdə əlini öpməyə çalışan şəxslərdən nəzakətlə geri çəkildiyi əks olunub.
Mərakeş kral sarayında əl öpmək hökmdara hörmət əlaməti sayılan ənənəvi protokol qaydalarından biri olsa da, gənc vəliəhdin bu ənənəni şəxsi olaraq qəbul etmədiyi və daha çox əl sıxmağa üstünlük verdiyi bildirilir.
Köhnə görüntülərin yenidən paylaşılmasından sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib. Bəzi istifadəçilər şahzadənin davranışını təvazökar və müasir yanaşma, digərləri isə ənənəvi kral protokolundan uzaqlaşma kimi qiymətləndiriblər.
Moulay Hassan 8 may 2003-cü ildə anadan olub və hazırda Mərakeş taxtının rəsmi varisidir.

