Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aparılan yoxlamalar nəticəsində sabiq deputat, keçmiş məmur Elton Məmmədovun adı ciddi maliyyə pozuntularında hallanıb. Müəyyən edilib ki, o, AMEA-da çalışdığı dövr ərzində təxminən 3 milyon manata yaxın dövlət vəsaitini mənimsəyib.
Maliyyə pozuntularını təsdiqləyən sənədlər və digər sübutlar artıq istintaq materiallarına əlavə edilib. Məlumata görə, Elton Məmmədov müxtəlif epizodlar üzrə dəfələrlə prokurorluqda ifadə verib.
“DenMedia.az” xəbər verir ki, sabiq deputat istintaq zamanı dövlətə dəymiş ziyanı ödəməyə razılaşıb. Bildirilir ki, Elton Məmmədov mənimsədiyi milyonlarla vəsaiti büdcəyə geri qaytarıb. Bununla belə, cinayət işi üzrə istintaq davam etdirilir, və onun adının digər epizodlarda da keçməsi istisna olunmur.
Qeyd edək ki, Elton Məmmədovun AMEA-dakı fəaliyyəti Ramiz Mehdiyevin Akademiyaya prezident təyin olunmasından sonra başlayıb. Mehdiyev özünə yaxın şəxs kimi onu əvvəlcə “Yüksək Texnologiyalar Parkı”nın direktoru, daha sonra isə AMEA İşlər idarəsinin müdiri vəzifəsinə gətirib.
Hazırda hüquq-mühafizə orqanları Elton Məmmədovun fəaliyyəti ilə bağlı əlavə faktların araşdırılmasını davam etdirir.
Ellada Rəsul
DenMedia.az

