Türkiyənin keçmiş ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya həbs edilib.
Anadolu Agentliyinin məlumatına görə, İstanbul Baş Prokurorluğunun fond bazarındakı əməliyyatlarla bağlı apardığı istintaq çərçivəsində keçmiş nazir “Kapital bazarı haqqında qanunu pozmaq” və “cinayətkar təşkilata üzv olmaq” ittihamları ilə məhkəməyə çıxarılıb.
Məhkəmə Fatma Betül Sayan Kayanın həbsinə qərar verib.

İstintaq materiallarına əsasən, keçmiş nazirin “Özata Denizcilik” şirkətinin səhmləri ilə əməliyyatlar zamanı ictimaiyyətə açıqlanmayan məlumatlardan istifadə etdiyi ehtimal olunur.
Prokurorluğun sənədində onun səhmlərini investisiya fondlarının ləğvi ilə bağlı qərardan bir gün əvvəl satdığı bildirilir.

Eyni istintaq çərçivəsində Kayanın həyat yoldaşı İlyas Kaya və Kapital Bazarı Şurasının keçmiş sədri İbrahim Ömər Gönül barəsində ölkədən çıxış qadağası və polisə mütəmadi qeydiyyata gəlmək öhdəliyi tətbiq edilib.
Faktla bağlı istintaq davam edir.

