Moskvada məhkəmə rusiyalı siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsovanı qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib.
Rusiyada xarici agent kimi tanınan Janna Nemtsova ilə bağlı “Lenta.ru”ya paytaxt prokurorluğundan məlumat verilib.
Məhkəmə Nemtsovanı Rusiya Cinayət Məcəlləsinin 284.1-ci maddəsinin 3-cü hissəsi – ölkə ərazisində fəaliyyəti arzuolunmaz hesab edilən xarici təşkilatın fəaliyyətinin təşkili üzrə təqsirli bilib.
O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hazırda xaricdə yaşayan Nemtsova barəsində axtarış elan olunub.
Məhkəmənin müəyyən etdiyinə görə, Janna Nemtsova 2015-ci ildən Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən “Boris Nemtsov Foundation for Freedom” (“Boris Nemtsov adına Azadlıq Fondu”) xarici qeyri-kommersiya təşkilatının həmtəsisçisidir.
İttiham tərəfinin məlumatına əsasən, Nemtsova təşkilatın fəaliyyətinə rəhbərlik etməyə yönəlmiş addımları mütəmadi olaraq davam etdirib.
Belə ki, o, videoplatformalardan birində yayımladığı görüntülərdə təşkilata rəhbərlik etdiyini açıq şəkildə vurğulayıb. Həmçinin fondun maliyyələşdirilməsini təşkil edib və Rusiyada baş verən müxtəlif hadisələrə mənfi münasibət bildirib.

