“Omid” Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və satış müdiri Tərlan Qasımzadə həbs edilib.
Denmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar işçini döyməkdə və hədə-qorxu ilə 88 min manat tələb etməkdə təqsirləndirilirlər.
Məlumata görə, Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədə yerləşən “Omid Gəncə-3” mağazasının müdirini satışdan əldə olunan vəsaiti mənimsəməkdə ittiham ediblər.
İddiaya əsasən, onlar mağaza müdirini döyərək müxtəlif vasitələrlə hədələyib, şirkətə vurulduğunu bildirdikləri zərərin əvəzi kimi ondan 88 min manat tələb ediblər.
Zərərçəkmiş şəxsin polisə şikayətindən sonra şirkət rəhbəri Rəhman Məmmədov və işçisi Tərlan Qasımzadə saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə) maddəsi ilə ittiham irəli sürülüb, dünən axşam hər ikisi barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Omid” təmir, inşaat və məişət əşyalarının topdan və pərakəndə satışı üzrə Azərbaycanda ən böyük mağazalar şəbəkələrindən biridir. Şirkətin Bakı, Gəncə, Sumqayıt şəhərlərində və rayonlarda 100-ə yaxın filialı var.

