Fransa jandarması ölkənin cənubundakı Mujen kommunasında yerləşən “L’Amandier” restoranından oğurlanan Pablo Pikassoya məxsus altı qravüranı tapıb.
Bu barədə “ici” radiostansiyası hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, oğurluq oktyabrın 2-dən 3-nə keçən gecə baş verib. Sənət əsərlərinin ümumi dəyəri 100 min avrodan çoxdur. Üç nəfərin iştirak etdiyi oğurluq hadisəsi təxminən 15 dəqiqə ərzində törədilib.
Oğurlanan əsərlərin tapılması üçün noyabrın 3-də xüsusi əməliyyat keçirilib. Nəticədə altı qravüranın hamısı Dənizkənarı Alp departamentinin müxtəlif ərazilərində aşkar edilib.
Sənət əsərlərinin hamısı heç bir zədə almadan, əla vəziyyətdə tapılıb.
Hadisə ilə bağlı yeddi nəfər saxlanılıb.
Polis əməkdaşları oğurlanan əsərlərin izinə düşmək üçün bir ay ərzində axtarış aparıblar.

