Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhəri 38 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təsirli və yaddaqalan tədbir təşkil olunub.
Məktəbin kollektivi və şagirdlərin yüksək coşğu ilə qatıldığı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən məktəb direktoru Günel Əliyeva 8 Noyabr Zəfər Gününün Azərbaycan tarixinin ən şanlı səhifəsi olduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu tarixi qələbənin xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb. O, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin heç vaxt unudulmayacağını, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində belə tədbirlərin mühüm rol oynadığını qeyd edib.
Direktorun çıxışından sonra söz şəhid ailələrinə verilib. Şəhid Ülvi Qoçuyevin anası Xatirə Qoçuyeva, şəhid Akif Bayramovun qızı Aysel Zeyniyeva və şəhid Natiq Verdiyevin bacısı Mehbanu Verdiyeva çıxış edərək övladlarının və qardaşlarının şərəfli döyüş yolu haqqında xatirələrini iştirakçılarla bölüşüblər. Onlar qürur dolu anlar yaşadıqlarını bildirərək, şəhidlərimizin adının əbədiləşdirilməsinə və gənc nəslin milli ruhda tərbiyə olunmasına göstərilən diqqətə görə məktəb rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər:
"Övladlarımız və qardaşlarımız Vətən torpağının bütövlüyü üçün canlarından keçdilər. Bu gün onların xatirəsinin məktəblilər tərəfindən uca tutulması, Zəfər gününün belə yüksək əhval-ruhiyyə ilə qeyd olunması bizim üçün böyük təselli və qürur mənbəyidir. İnanırıq ki, qəhrəmanlarımızın ruhu şaddır və onların yolu hər zaman gənclərimizə örnək olacaqdır."
Tədbirin bədii hissəsində məktəbin istedadlı şagirdləri hazırladıqları ədəbi-bədii kompozisiyaları, Vətənə, zəfərə və igid əsgərlərimizə həsr olunmuş şeirləri və mahnıları nümayiş etdiriblər. Sonda xatirə şəkilləri çəkdirilib və bu cür tədbirlərin şagirdlərdə milli ruhun, vətənpərvərlik hisslərinin daha da güclənməsinə xidmət etdiyi bir daha diqqətə çatdırılıb.

