Sumqayıt şəhərinin Yaşıldərə yaşayış massivində növbəti dəfə təkrarlanan kommunal problem sakinlərin hiddətinə səbəb olub.
Denmedia.az xəbər verir ki, körpünün tunel hissəsini basan çirkab kanalizasiya suları həm piyadaların, həm də sürücülərin hərəkətini tamamilə iflic edib.
Hadisə şahidlərinin və sakinlərin verdiyi məlumata görə, ərazidəki vəziyyət getdikcə dözülməz həddə çatıb. Belə ki, ötən gündən etibarən körpüdə işıq sisteminin işlək vəziyyətdə olmaması səbəbindən ərazidəki drenaj nasosları işləməyib. Nəticədə yığılan kanalizasiya suları qısa müddətdə körpünü və yolu basaraq keçilməz vəziyyətsiz hala gətirib. Yaranan mənzərə sürücülər üçün də ciddi problemlər yaradıb.
Bəzi avtomobillər su basmış təhlükəli ərazidən keçə bilməyərək geri qayıtmağa məcbur qalıblar. Risk edərək sudan keçməyə çalışan bir sıra nəqliyyat vasitələri isə mühərrik hissəsinə su dolması səbəbindən xarab olub və yolda qalıb.
Qeyd edən ki, sözügedən ərazidə xidmət Azərbaycan Dəmir Yolları QSC tərəfindən aparılır. Lakin baş verən bu qəza vəziyyəti qurumun ərazidəki işləri operativ tənzimləmədiyini, profilaktik tədbirlərin və texniki nəzarətin zəif olduğunu bir daha üzə çıxarır. Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, Sumqayıtda yeraltı avtomobil yolu tunelində çirkab sularının yığılmasına səbəb elektrik enerjisinin verilişində yaranmış fasilə ilə əlaqədar su nasoslarının fəaliyyətinin dayanması olub.
Ərazidə yığılmış sular kənarlaşdırıldıqdan sonra nəqliyyatın hərəkəti bərpa olunub.
Nizami Rəsulov

