Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Ləmbəli kəndində silahlı hücum nəticəsində iki qardaş qətlə yetirilib.
Denmedia.az APA--ya istinadən xəbər verir ki, kənd sakinlərindən biri üç qardaşa odlu silahdan atəş açıb. Qardaşlardan ikisi hadisə yerində həyatını itirib, üçüncüsü isə sağ qalıb.
Yerli sakinlərin sözlərinə görə, qətlə yetirilən qardaşlar uzun illər Rusiyada yaşayıb və bir müddət əvvəl doğma kəndlərinə qayıdıblar.
Hadisənin qardaşlar qohumlarının toyuna gedərkən baş verdiyi bildirilir.
Qətlin dəqiq səbəbi hələlik məlum deyil. İlkin ehtimallar arasında qisas və uzun illərdir davam edən münaqişə də nəzərdən keçirilir.
Qeyri-rəsmi məlumatlara əsasən, polis hadisədən qısa müddət sonra cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.

