Azərbaycan Ali Məhkəməsi sosial şəbəkələrdə və digər internet resurslarında böhtan və təhqirə məruz qalan vətəndaşların hüquqlarının müdafiəsi qaydalarını açıqlayıb.
“Məhkəmədən verilən məlumata görə, xüsusi ittiham qaydasında şikayətlər müvafiq birinci instansiya məhkəməsinə yazılı formada təqdim edilməlidir.”
Media orqanının və ya internet resursunun hüquqi ünvanı məlum olmadıqda, yaxud xaricdə qeydiyyatdan keçdikdə şikayət məlumatı yayan şəxsin Azərbaycandakı son yaşayış yeri üzrə məhkəməyə verilir.
Şikayət üçün paylaşımın linki, hesabın və ya kanalın adı, dərc tarixi, mətn və video materiallar saxlanılmalıdır. Ekran görüntülərində mənbə və onların yaradılma vaxtı göstərilməlidir. Təhqiramiz ifadələr videoda səsləndirilibsə, ümumi məzmun qorunmaqla müvafiq hissə qeyd olunmalıdır.
Şikayətdə ərizəçinin və barəsində şikayət verilən şəxsin məlumatları, hadisənin təfərrüatları, böhtan və ya təhqir hesab edilən konkret ifadələr, mövcud sübutlar və şahidlər barədə məlumatlar yer almalıdır.
Sənəddə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi, tərtib olunma tarixi və ərizəçinin imzası da göstərilməlidir.

