ABŞ-nin vitse-prezidenti Cey Di Vens bir neçə ay ərzində Prezident Donald Trampı İranla müharibəyə son qoymaq üçün razılaşma əldə etməyə inandırmağa çalışıb.
“Axios” nəşri məlumatlı mənbələrə istinadən xəbər verir ki, Vens Trampın yaxın ətrafında İranla müharibənin başa çatdırılmasına dair razılaşmanın əldə olunmasını dəstəkləyən rəsmilərə rəhbərlik edib.
Vitse-prezident İsrailin Baş naziri Benyamin Netanyahunu da sərt tənqid edərək onun İranla bağlı bütün məsələlərdə yanıldığını bildirib.
Vens hələ münaqişənin əvvəlində onun ABŞ ictimaiyyəti arasında dəstəklənmədiyi və aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Mənbələrin sözlərinə görə, yüksəkvəzifəli rəsmilərin əksəriyyəti vitse-prezidentin mövqeyini bölüşür. Trampın əsas müşavirləri isə İsraildə keçiriləcək seçkilər ərəfəsində Netanyahunu açıq şəkildə dəstəkləməməyi ABŞ Prezidentinə tövsiyə ediblər.
Trampın Konqresə seçkilərdən əvvəl İrana yenidən zərbələr endirmək imkanını ciddi şəkildə nəzərdən keçirdiyi də məlum olub. Netanyahu ABŞ Prezidentini bu addımı atmağa təşviq etsə də, Tramp sonda gözləməyə üstünlük verib.

