İranda davam edən siyasi gərginlik və gələcək idarəetmə modeli ətrafında aparılan müzakirələr fonunda monarxiya tərəfdarları arasında yeni və diqqətçəkən yanaşmalar səslənməyə başlayıb. Xüsusilə “şah” institutu üzərindən legitimlik axtaran çevrələrdə hansı sülalənin və hansı şəxsin İran xalqını təmsil edə biləcəyi sualı yenidən gündəmə gəlib.
Denmedia.az xəbər verir ki, bu kontekstdə irəli sürülən əsas arqumentlərdən biri budur ki, əgər İran cəmiyyəti həqiqətən də monarxiya modelinə qayıdışı müzakirə edirsə, o zaman seçim tarixi və hüquqi legitimliyə əsaslanmalıdır.
Müzakirələrdə vurğulanır ki, İranın son qanuni şah sülalələrindən biri olan Qacarlar dövlətçilik tarixində mühüm rol oynayıb və bu baxımdan Qacar soyundan olan bir şahzadənin irəli çəkilməsi daha məntiqli görünür.
Siyasi şərhçilərin diqqət çəkdiyi məqamlardan biri də odur ki, xaricdə yaşayan, uzun illərdir İran cəmiyyətindən və daxili reallıqlardan uzaq qalan fiqurların “xilaskar” kimi təqdim olunması cəmiyyətdə ciddi suallar doğurur. Bu yanaşmaya qarşı çıxanlar hesab edir ki, İranın taleyi ölkədən kənarda formalaşmış siyasi layihələrə deyil, tarixi köklərə və daxili ictimai iradəyə söykənməlidir.
Məhz bu nöqtədə Qacar soyundan olan Şahzadə Babək Mirzə Qacarın adı gündəmə gətirilir. Onun tarixi sülaləyə mənsub olması, Qacar legitimliyini təmsil etməsi və bölgənin etnik-siyasi reallıqlarına daha yaxın olması bəzi dairələr tərəfindən üstünlük kimi qiymətləndirilir. Bu baxışa görə, monarxiya ideyası müzakirə olunursa, “geydirmə” fiqurlar deyil, qanuni sülalə nümayəndələri əsas alternativ olmalıdır.
Maraqlı məqam ondan ibarətdir ki, əldə olunan qeyri-rəsmi bilgilərə əsasən, İranda Azərbaycan türkləri arasında bu mövzu ətrafında müzakirələr intensivləşib. Bildirilir ki, müxtəlif çevrələrdə Şahzadə Babək Mirzə Qacarla monarxiyalı respublika modeli üzərində fikir mübadiləsi aparılır. Bu modelin həm tarixi legitimliyi, həm də müasir idarəetmə mexanizmlərini uzlaşdırmağa çalışdığı iddia olunur.
Qeyd etmək lazımdır ki, bu məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb və daha çox siyasi müzakirə xarakteri daşıyır. Bununla belə, İranda xüsusilə Azərbaycan türklərinin fəallaşması və alternativ siyasi ssenarilər üzərində düşünməsi ölkənin gələcək siyasi arxitekturası baxımından diqqətlə izlənilən proseslər sırasındadır.
Aydın olan budur ki, İran cəmiyyətində “kim rəhbər olmalıdır?” sualı artıq təkcə rejim dəyişikliyi müstəvisində deyil, tarixi legitimlik, milli kimlik və xarici təsirlərə münasibət kontekstində də müzakirə olunur. Qacar sülaləsi və Babək Mirzə Qacar ətrafında formalaşan bu diskurs isə qarşıdakı dövrdə daha geniş siyasi polemikalara yol aça bilər.
FOTO-Babək Mirzə Qacar
Nizami Rəsulov
Denmedia.az

