Türkiyənin İğdır vilayətinin yerli hakimiyyət orqanları Ermənistanla sərhəddə yerləşən “Alican” keçid mənqətəsində işlərin 90 faizinin tamamlandığını elan edib. Beləliklə Ermənistanla sərhədin yaxın zamanda açılmasının planlandığı bildirilir.
Məlumata əsasən, işlər həm Türkiyənin İğdır vilayətinin Qaraqoyunlu rayonundakı “Alican” keçid məntəqəsində, həm də Ermənistanın Armavir vilayətində yerləşən “Marqara” keçid məntəqəsində paralel şəkildə aparılır.
Denmedia.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Azərbaycan üçün regionda sülhün möhkəmləndirilməsi prioritet təşkil edir:
“Bu istiqamətdə bir çox işlər görüb. Xüsusilə, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında əldə edilmiş razılaşmaya uyğun olaraq ciddi addımlar atılır. Belə ki, işğal dövründən bəri ilk dəfə olaraq Ermənistana nəqliyyat marşrutlarından istifadəyə icazə verilib. Hətta qonşu ölkəyə benzin satışına başlanılıb. Ərzaq və yanacaq kimi strateji məhsulların Ermənistana göndərilməsinə razılıq verilməsi çox ciddi qərardır. Azərbaycanın sülhün yaradılması istiqamətindəki fəaliyyəti həm də humanizm prinsiplərinə əsaslanır.
Təbii ki, sülhün davamlı olması üçün Ermənistan tərəfinin də adekvat addımlar atması zəruridir. Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi mövcud iqtidar sülhə meyilli görünsə də, revanşist qüvvələr böhrana səbəb ola biləcək iddialarla çıxış edir. Rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikcə və yaxud buna cəhd göstərdikcə, ona qarşı münasibət də yumşalacaq. Azərbaycan və Türkiyə bu yanaşmanı əsas əsas götürərək mütəmadi olaraq addımlar atır.

Mütəllim Rəhimli
“Türkiyə Ermənistanla sərhəd qapılarını açır” kimi hökmlərlə çıxış etmək doğru yanaşma deyil. Ankara da Bakı ilə paralel olaraq İrəvanla münasibətlərə yenidən baxır.
Türkiyənin “Alican” və Ermənistanın Armavir vilayətində yerləşən “Marqara” keçid məntəqəsində işlərin yekunlaşması hələ sərhədlərin açılması mənasına gəlmir. Ancaq Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mövcud sülhyaratma missiyasına zidd deyil. Keçid məntəqəsinin işə başlaması hələ o demək deyil ki, Ermənistanın üzünə bütün qapılar açılacaq. Çox güman, keçid məntəqəsi mərhələli şəkildə tam açıla bilər”.

