Əfqanıstanla Pakistan arasında sərhəd toqquşmaları son illərin ən gərgin fazasına qədəm qoyub. Bildirilir ki, Əfqanıstan ordusu Pakistana məxsus təyyarəni və nüvə təsisatını vurub. Pakistan isə Vəziristanda Taliban üzvlərinə qarşı əməliyyata başlayıb və müharibə elan edib. Hər iki ölkənin, xüsusən Pakistanın Azərbaycanla dost olması toqquşmalar ətrafında narahatlıqları artırıb.
Denmedia.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfoya danışan beynəlxalq münasibətlər üzrə pakistanlı ekspert Xalim Taimur Əkrəm deyib ki, son eskalasiya 1947-ci ildən bəri onsuz da mürəkkəb olan münasibətlərdə ağrılı bir mərhələni göstərir:
“Bu qarşıdurma bir anda yaranmayıb. İllər boyu yığılan məyusluqların, gözləntilərin qarşılanmamasının və Pakistanın qarşı-qarşıya qaldığını düşmənçiliyin nəticəsidir.
NATO qüvvələrinin çıxarılmasından sonra bölgədə sülhün bərqərar olacağına dair ümidlər var idi. Çoxu inanırdı ki, Taliban ölkəni yenidən qurmağa, idarəçiliyi yaxşılaşdırmağa və Əfqan torpağının qonşu dövlətlərə qarşı istifadə edilməməsinə yönələcək. Pakistan ortaq tarix, din, coğrafiya və onilliklərlə bağlı sosial əlaqələrə əsaslanan əməkdaşlıq münasibəti gözləyirdi.
50 ildən çoxdur ki, Pakistan milyonlarla əfqan qaçqını qəbul edib. Nəsillər boyu əfqanlar Pakistan ərazisində yaşamış, təhsil almış, işləyib biznes qurmuşlar. Pakistan iqtisadi və təhlükəsizlik çətinlikləri ilə üzləşdiyi dövrlərdə belə qonaqpərvərliyini göstərib. Bu reallıqlara rəğmən, gərginlik davam edib.
İslamabad baxımından Əfqan torpağı hələ də təhlükə mənbəyi olaraq qalır. Son zamanlar silahlı qarşıdurmalar, sərhəd postlarının ələ keçirilməsi və hətta bir döyüş təyyarəsinin vurulması barədə məlumatlar təhlükəli eskalasiyanı göstərir. Münaqişənin uzunmüddətli olub-olmaması əsasən siyasi iradədən asılıdır. Hər iki tərəf uzunmüddətli müharibədən ciddi itkilər yaşayacaq: iqtisadi pozuntular, humanitar böhranlar və regional sabitliyin pozulması mövcud çətinlikləri daha da artıracaq.
Xalim Taimur Əkrəm
Bu münaqişənin kökündə dərin bir inamsızlıq dayanır. Pakistan hesab edir ki, Əfqanıstana siyasi, diplomatik və sosial sahələrdə ardıcıl dəstək göstərib, lakin təhlükəsizlik narahatlıqları yetərincə nəzərə alınmayıb. Digər tərəfdən, Əfqan hakimiyyətləri Pakistanın siyasətini bölgədəki rəqabət və daxili siyasət baxımından şübhə ilə qiymətləndirir.
Uzunmüddətli düşmənçilik hər iki ölkəyə də fayda vermir. Coğrafi mövqe Pakistan və Əfqanıstanı qonşu olaraq saxlayır. Paylaşılan mədəniyyət, ticarət yolları və ailə bağları siyasi gərginliklərdən asılı olmayaraq əhalini birləşdirir. Əgər mövcud qarşıdurma davam edərsə, bu, nəsillər boyu bölünmələri möhkəmləndirə bilər”.
Əfqanıstanlı politoloq Dr. Hamidullah Rzazadə deyib ki, Pakistan-Taliban münasibətləri tarixən əməkdaşlıq və gərginlik arasında gedib-gəlib:
“1990-cı illərdə Pakistanın Talibana verdiyi dəstək strateji dərinlik əldə etmək və Əfqanıstanda Hindistan təsirini məhdudlaşdırmaq məqsədi ilə izah edilirdi. Lakin 2021-ci ildə Talibanın Əfqanıstanda yenidən hakimiyyətə gəlməsi Pakistan üçün yeni və qabaqcadan proqnozlaşdırılması çətin təhlükəsizlik risklərini ortaya çıxardı.
Pakistanla Əfqanıstan arasındakı sərhəd , yəni “Durand xətti”, tarixi olaraq mübahisəli mövzu olub. Əfqan siyasi elitası bu xətti rəsmi olaraq tanımaq istəməyib, Taliban idarəsi də bu məsələ ilə bağlı açıq legitimlik bəyanatı verməyib. Pakistanın sərhəd boyunca qurduğu təhlükəsizlik divarları və hərbi mövqelər, Taliban tərəfindən bəzən ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilib.
Beynəlxalq münasibətlər nəzəriyyəsində “təhlükəsizlik dilemması” adlandırılan vəziyyət burada açıq şəkildə müşahidə olunur. Pakistan sərhəd təhlükəsizliyini artırdıqca, Taliban bunu təhdid olaraq qəbul edir. Talibanın sərhəd bölgəsindəki hərəkətliliyi isə Pakistan tərəfindən düşmən addım kimi qiymətləndirilir.
Bu kontekstdə ən kritik məsələ Təhrik-i-Taliban Pakistan (TTP) problemidir. TTP Pakistan dövlətinə qarşı silahlı fəaliyyət göstərən və ideoloji olaraq Əfqan Talibanı ilə yaxın əlaqəyə malik bir təşkilatdır. Talibanın Əfqanıstanda yenidən hakimiyyətə gəlməsi, TTP-yə həm mənəvi, həm də əməli sahə qazandırıb”.
Ekspert qeyd edib ki, Pakistan Talibanı TTP-ni nəzarətə almağa məcbur etməyə çalışsa da, Taliban təşkilat üzərində təsirinin məhdud olduğunu və ya birbaşa qarşıdurmaya girmək istəmədiyini bildirib:
“Bu vəziyyət Pakistan üçün “dolayısı ilə təhdid” qavrayışını gücləndirib. 2021-ci ildə ABŞ-ın Əfqanıstandan çıxması və Talibanın hakimiyyəti ələ keçirməsi regional güc balanslarını dəyişib. NATO və xüsusilə ABŞ -ın çıxması ilə yaranan təhlükəsizlik boşluğu sərhəd bölgələrində militant hərəkətliliyi artırıb. 2022–2025-ci illər ərzində Pakistanın hava əməliyyatları, Taliban tərəfindən ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilib. Qarşılıqlı top atışları və məhdud quru toqquşmaları baş verib. Bu müddətdə diplomatik kanallar açılsa da, tərəflər arasında etibar formalaşa bilməyib.
Hamidullah Rzazadə
Hindistanın Əfqanıstanla diplomatik əlaqələrini davam etdirməsi Pakistanın təhlükəsizlik narahatlıqlarını artırıb. Pakistan Əfqanıstanda Hindistan təsirinin artmasını strateji sıxışdırma olaraq qiymətləndirir.
Çin xüsusilə “Bir Kəmər, Bir Yol ” təşəbbüsü çərçivəsində Pakistanla yaxın iqtisadi əlaqələrə malikdir. Əfqanıstandakı qeyri-sabitlik, Çin üçün regional iqtisadi layihələr baxımından risk yaradır. Buna görə Çin tərəflər arasında nəzarət olunan gərginliyi üstün tutur.
İran və Orta Asiya dövlətləri sərhəd təhlükəsizliyi və radikal elementlərin yayılması mövzusunda ehtiyatlıdır. Beləliklə, Pakistan-Taliban çatışması yalnız ikili bir böhran deyil, çoxqatlı regional təhlükəsizlik problemidir.
Pakistan ilə Taliban arasındakı çatışma üç əsas dinamika üzərində izah edilə bilər: Sərhəd və ərazi bütövlüyü problemi, dövlət-dışı silahlı aktorların nəzarət edilə bilməməsi və regional güc rəqabətinin təzahürü. Əks halda təhlükəsizlik problemi davam edəcək və iki tərəf başda olmaqla regional və beynəlxalq səviyyədə daha ciddi nəticələr yarada bilər.
Qısa müddətdə tərəflərin tam miqyaslı müharibəyə yönəlməsi ehtimalı aşağıdır. Çünki hər iki aktor iqtisadi və siyasi baxımdan həssasdır. Lakin TTP məsələsi həll olunmadığı müddətcə aşağı intensivlikli qarşıdurma və sərhəd gərginliyi davam edəcək. Uzunmüddətli və davamlı həll üçün sərhədin qarşılıqlı tanınması ilə bağlı hüquqi çərçivə, TTP-yə qarşı ortaq təhlükəsizlik mexanizmi və regional aktorların daxil olduğu çoxtərəfli diplomatik platforma tələb olunur”.



