ABŞ və İsrailin hücumları qarşısında aciz qalan İran ona dost münasibəti sərgiləyən islam dünyasına hücum edir.
Təəccübləndikmi? Qətiyyən!
Yaxın Şərqdə müsəlmanların olduğu ölkələri “ABŞ bazası var” bəhanəsi ilə vuran molla rejimi guya qardaşı kimi gördüyü və ərazisindən başqa ölkələrə istifadəyə icazə verməyən Azərbaycana növbəti dəfə xəyanət edərək, Naxçıvana dron hücumu həyata keçirdi.
30 il ərzində Qarabağın işğalında Ermənistana və keçmiş separatçı rejimə hər cür dəstək verən İran Azərbaycanın qələbəsini, güclənməsini həzm etmədiyini bir daha sübuta yetirdi.
Bu həm də ölkədəki iransevərlərə mesajdır.
Əli Xameneinin “Qarabağ islam torpağıdır” ifadəsini əllərində bayraq edənlər unudurdular ki, o, bununla Azərbaycanı müstəqil dövlət kimi qəbul etmədiyini göstərirdi.
Bu həmin Xameneidir ki, yalnız 2020-ci ilin 4 noyabrında, Azərbaycan ordusu Şuşaya yaxınlaşanda Qarabağın Azərbaycan ərazisi olduğunu və sahibinə qaytarılması gərəkdiyini bəyan etdi.
O vaxt ki, artıq iş-işdən keçmişdi, Azərbaycan döyüş meydanında şanlı zəfər qazanırdı. Və qələbəyə zərrəcə şübhə yox idi.
Azərbaycan bütün gərgin situasiyalarda İranla qonşuluq və dostluq prinsiplərinə əsaslanan mövqe sərgilədi. Hətta molla rejiminin ardıcıl xəyanətlərinə rəğmən…
Azərbaycan öz ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcəyini dəfələrlə bəyan və sübut etdi.
Azərbaycan İranın ardıcıl zərbələr aldığı 12 günlük müharibədə heç bir ölkənin riskə gedib atmadığı bir addımı atdı – İranda mülki obyektlərin vurulmamasını İsraildən xahiş etdi.
Bu o İrandır ki, Qarabağla bağlı danışıqları təşkil edəndə Şuşanı itirdik.
Bu o İrandır ki, 90-cı illərdə Azərbaycanın qaçqın böhranından əziyyət çəkdiyi illərdə “müsəlman qardaşlığı” yalanı ilə ölkəmizin içərilərinə sızdı.
Bu o İrandır ki, 2001-ci ilin yayında qırıcılarını Xəzərin Azərbaycan sektoruna göndərib, Bakını hədələməyə çalışırdı.
Bu o İrandır ki, “Arazı keçmək”lə bağlı təlimlər keçirib, Azərbaycanı, buradakı müsəlmanları hədələdi.
Bu o İrandır ki, Zəngəzur dəhlizinin açılmasını “qırmızı xəttimiz” deyə bloklamağa çalışdı.
Bu o İrandır ki, Bakıdakı səfirliklərdə terror törətmək üçün agentlərini göndərdi, lakin DTX qarşısını aldı.
Bu o İrandır ki, demək olar, hər gün Azərbaycana narkotik maddələr gətirilməsinə imkan verir, lakin DSX dayandırır.
Bu siyahını uzatmaq olar, amma zənnimcə kifayətdir.
İranın Azərbaycana hücumunu indi belə əsaslandırmaq olar: Molla rejimi Azərbaycanın güclənməsini, dünyaya açılmasını, supergüclərlə, nüvə dövlətləri ilə bir masada bərabər tərəf kimi oturmasını istəmir.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, bu qədər güclənməsi İran üçün inanılmaz görünürdü. Lakin Azərbaycan xalqı və Ali Baş Komandan bunu bacardı.
İndi İran bu inanılmazın gerçəkləşməsini qəbul edə bilmir. Ona görə də xaincəsində Naxçıvanı, mülki obyektləri, məktəbləri hədəf alır.
ABŞ-ın, Avropa İttifaqının bazası, hərbi kontingenti Ermənistandadır, lakin İran Azərbaycanın yaşayış yerlərini vurur.
İnsanların olduğu kimi, dövlətlərin də mahiyyəti böhran vəziyyətlərində üzə çıxır. Bu gün Azərbaycan xalqı İranın gerçək mahiyyətini gördü. Globalinfo.az

