Ukrayna Prezidenti Vlodimir Zelenski bildirib ki, Rusiya faktiki olaraq Üçüncü dünya müharibəsini başlayıb və eskalasiyanın qarşısını yalnız Moskvaya qarşı hərbi və iqtisadi təzyiqi artırmaqla almaq mümkündür. O, bu fikirləri BBC-yə müsahibəsində səsləndirib.
Zelenskinin sözlərinə görə, məsələ artıq müharibənin başlayıb-başlamamasında deyil, Rusiyanın nə qədər ərazi ələ keçirə biləcəyində və bunun necə dayandırılacağındadır.
“Mən hesab edirəm ki, Putin artıq müharibəni başlayıb. Söhbət Rusiyanın qələbəsindən yox, onun dünyaya başqa həyat tərzi sırımaq istəyindən gedir”, — deyə Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, Ukrayna hazırda münaqişənin daha da genişlənməsinin qarşısını alır və onun qlobal qarşıdurmaya çevrilməsinə imkan vermir.
“Bu gün Putini dayandırmaq və Ukraynanın işğalına imkan verməmək bütün dünya üçün qələbədir. Çünki Putin Ukrayna ilə kifayətlənməyəcək”, — deyə o əlavə edib.

