Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın Milli Müstəqillik Günü münasibətilə təbrik edib və Moskvanın Bakı ilə dostluq və müttəfiqlik münasibətlərinə böyük önəm verdiyini bildirib.
Bu barədə Kremlin saytında dərc olunan təbrik teleqramında qeyd olunub.
“Bakı ilə dostluq, müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, birgə səylərlə müxtəlif istiqamətlər üzrə səmərəli ikitərəfli əməkdaşlığın, eləcə də regional və beynəlxalq məsələlərdə tərəfdaşlıq əlaqələrinin gələcək inkişafını təmin edə biləcəyik”, deyə təbrikdə bildirilib.
Putin qeyd edib ki, bu qarşılıqlı fəaliyyət Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verir, həmçinin Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi xəttinə uyğundur.
Rusiya lideri həmçinin vurğulayıb ki, Azərbaycan iqtisadi və sosial sahələrdə təsirli uğurlar qazanıb və dünya arenasında layiqli nüfuz əldə edib.

