İsraildə parlament seçkiləri başlayıb. Ölkə üzrə seçki məntəqələri səsvermə üçün açılıb.
Seçkilərdə 120 yerlik Knessetə daxil olmaq uğrunda siyasi partiyalar və seçki blokları mübarizə aparır. Parlamentdə təmsil olunmaq üçün partiyalar səslərin ən azı 3,25 faizini toplamalıdırlar.
Baş nazir postu uğrunda əsas siyasi rəqabət hazırkı hökumət başçısı, 77 yaşlı Benyamin Netanyahu ilə İsrail ordusunun Baş Qərargahının keçmiş rəisi, 66 yaşlı Qadi Ayzenkot arasında gedir.
Netanyahu sağçı “Likud” partiyasına, Ayzenkot isə yaratdığı mərkəzçi “Yaşar” partiyasına rəhbərlik edir.
İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə təxminən 7,3 milyon vətəndaş səsvermə hüququna malikdir.
Seçkilərin nəticələrinə əsasən yeni parlamentin tərkibi müəyyənləşəcək. Hökumətin formalaşdırılması üçün isə Knessetdə ən azı 61 deputatın dəstəyi tələb olunur.

