Azərbaycanın Baş Prokurorluğu “WhatsApp” istifadəçilərinə mümkün kiberhücumlarla bağlı xəbərdarlıq edib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, son günlər vətəndaşların “WhatsApp” hesablarını başqa cihazlarda aktivləşdirmək məqsədilə birdəfəlik təsdiqləmə kodlarının (OTP) göndərilməsi halları artıb.
Qurumun məlumatına görə, bu hallar istifadəçilərin “WhatsApp” hesablarının ələ keçirilməsi cəhdləri ilə əlaqəli ola bilər.
Baş Prokurorluq vətəndaşları şəxsi hesablarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırıb.
İstifadəçilərə ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək, mürəkkəb və unikal PIN kodlardan istifadə etmək, birdəfəlik təsdiqləmə kodlarını heç bir halda başqa şəxslərlə paylaşmamaq tövsiyə olunub.
Qurum vurğulayıb ki, şəxsi məlumatların qorunması rəqəmsal təhlükəsizliyin təmin edilməsindən başlayır.


