Qəzza zolağında üç il əvvəl İsrailin hücumu nəticəsində bütün ailəsini itirən 8 yaşlı Fatimə Hişam Beyyuk bu dəfə dostları ilə oynayarkən açılan atəş nəticəsində həyatını itirib.
“Anadolu” Agentliyinin xəbərinə görə, hadisə oktyabrın 24-də Qəzzanın Deyr əl-Bələh şəhərində baş verib.
Məlumata əsasən, Fatimə dostları ilə oynadığı zaman İsrail ordusuna məxsus snayperin açdığı atəş nəticəsində ağır yaralanıb. Xəstəxanaya çatdırılan azyaşlı oktyabrın 25-də həkimlərin bütün səylərinə baxmayaraq, həyatını itirib.

Fatimə 2023-cü ildə İsrailin hücumu zamanı anasını, atasını və altı bacı-qardaşını itirmişdi. İki gün dağıntılar altında qalan qızcığaz ailəsindən sağ çıxan yeganə şəxs olmuşdu. Bundan sonra o, nənəsinin himayəsində yaşamağa başlamışdı.
Fatimənin dayısı Məhəmməd Əbu Amra “Anadolu” Agentliyinə açıqlamasında həmin faciəni xatırladıb.
“Üç il əvvəlki hücumdan yalnız Fatimə sağ çıxmışdı. Onu iki gün sonra dağıntılar altından çıxardılar. Ailəsinin digər üzvlərinin isə cəsədləri tapıldı”, – deyə o bildirib.
Dayısı son hadisənin təsadüfi güllə nəticəsində baş vermədiyini, azyaşlının birbaşa hədəf alındığını iddia edib.

“Fatimə uşaqlarla oynamağa çıxmışdı. O, İsrail əsgərləri tərəfindən birbaşa hədəfə alındı”, – deyə Əbu Amra söyləyib.
Fatimənin nəşi yaxınları tərəfindən xəstəxanadan götürülüb. Cənazə namazı xəstəxananın həyətində qılındıqdan sonra azyaşlı son dəfə yaşadığı evə aparılıb.
Üç il əvvəl ailəsindən yeganə sağ qalan Fatimə yaxınlarının göz yaşları içində son mənzilə yola salınıb.

Fələstin Təhsil Nazirliyinin məlumatına görə, 18–24 oktyabr tarixlərində Qəzzada İsrailin hücumları nəticəsində 10 şagird və bir müəllim həyatını itirib. Fatimə də həmin uşaqlar arasında olub.

