“Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birlik nümayiş etdirir”.
Bunu Prezident İlham Əliyev Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında bildirib.
Dövlət başçısı Azərbaycanda həmrəyliyin, qarşılıqlı anlaşmanın və hörmətin yüksək səviyyədə olduğunu vurğulayıb.
“Biz həqiqətən çox yüksək həmrəylik, qarşılıqlı anlaşma və hörmət səviyyəsinin şahidi oluruq. Hamımız milli ideyalarımız ətrafında birləşmişik. Bu ideyalardan biri də azərbaycançılıqdır. Bu, Azərbaycanda yaşayan bütün xalqları birləşdirir”, – deyə Prezident qeyd edib.
İlham Əliyevin sözlərinə görə, bu birlik müstəqillik tariximizin ən çətin dövrlərində, o cümlədən İkinci Qarabağ müharibəsi zamanı özünü göstərib. Dövlət başçısı bildirib ki, müxtəlif etnik qrupların və dinlərin nümayəndələri həmin dövrdə bir yumruq kimi birləşiblər.
“Bu, bizim Qələbəmizin rəmzidir”, – deyə Prezident əlavə edib.
Dövlət başçısı Azərbaycanın işğal altında olan ərazilərini azad etməsinə də toxunub. O bildirib ki, ölkəmiz BMT Nizamnaməsinə və özünümüdafiə hüququna əsaslanaraq uzun illər işğal altında qalmış torpaqlarını azad edib.
“Biz beynəlxalq hüququ və ədaləti bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını öz gücümüzlə təmin etdik”, – deyə İlham Əliyev vurğulayıb.
Prezident Azərbaycanda daxili risklərin olmadığını bir daha qeyd edərək potensial təhlükələrin ölkə sərhədlərindən kənardan qaynaqlandığını bildirib.
“İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir. Buna görə də biz hər zaman ayıq-sayıq olmalı, milli kimliyimizi, dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi bütün gücümüzlə qorumalıyıq”, – deyə dövlət başçısı bildirib.

