Səudiyyə Ərəbistanı neft ehtiyatlarının Sinqapurda yerləşən yeraltı anbarlarda saxlanılması ilə bağlı razılaşma imzalayıb.
Bu barədə Sinqapurun Energetika, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Bildirilib ki, razılaşmanın əsas məqsədi Yaxın Şərqdən neft tədarükünün təhlükəsizliyini təmin etmək və mümkün fasilələrin təsirini azaltmaqdır.
Plana əsasən, Səudiyyə Ərəbistanına məxsus neft Sinqapurun Curonq adasında yerləşən eyniadlı yeraltı anbarlarda saxlanılacaq.
Neftin anbarlara yerləşdirilməsi əməliyyatlarına 2027-ci ilin ikinci yarısında başlanılması gözlənilir.
Qeyd olunub ki, yaradılacaq ehtiyatlar Yaxın Şərqdən yanacaq tədarükündə fasilələr yarandığı halda Sinqapurun enerji təhlükəsizliyinin qorunmasına kömək edəcək.
Nazirliyin açıqlamasına görə, razılaşma iki ölkə arasında enerji sahəsində əməkdaşlığı gücləndirməklə yanaşı, Sinqapurun regional neft ticarətindəki əhəmiyyətini də artıracaq.

