Keniyada “Good News International Church” adlı dini təriqətin rəhbəri Pol Makkenzi 190 uşağın və bir yetkin şəxsin ölümündə məsuliyyət daşıdığını etiraf edib.
BBC News-un məlumatına görə, özünü pastor kimi təqdim edən Makkenzi ardıcıllarını İsa Məsihlə görüşmək üçün özlərini və övladlarını ac saxlamağa inandırıb.
O, müasir tibbi xidmət və təhsili şər adlandırıb, rəqəmsal şəxsiyyət vəsiqələrini isə “şeytanın möhürü” kimi təqdim edib.
Təriqət üzvləri Keniyanın Şakahola meşəsində palçıqdan tikilmiş evlərdə yaşayırdılar. Sağ qalanların sözlərinə görə, aclıqdan ölənlər həmin ərazidə dəfn olunurdular. Makkenzi bu dəfn mərasimlərini “toy” adlandıraraq ölənlərin İsa Məsihlə evləndiyini iddia edirdi.
Makkenzi 2023-cü ildə təxminən 400 nəfərin meyit qalıqlarının aşkarlanmasından sonra həbs olunub. Ölənlər arasında cəmi 12 günlük körpə də olub.
Şahidlərin ifadələrinə görə, təriqət rəhbəri körpənin anasına uşağı qidalandırmağı qadağan edib, körpənin ölümündən sonra isə qadına da ac qalaraq onun ardınca getməyi əmr edib.
Makkenzi terrorçuluq, radikallaşdırma və uşaqları təhsildən məhrum etməkdə də ittiham olunur.
Onun barəsində ilk məhkəmə hökmünün noyabrın 6-da elan ediləcəyi gözlənilir.

