Bakının Xətai rayonunda oktyabrın 23-də baş verən və ölümlə nəticələnən silahlı insidentlə bağlı yeni təfərrüatlar məlum olub.
Denmedia.az xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, hadisə və digər ağır cinayətlərlə əlaqədar 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Məlumata görə, “Ceyhun Sabunçu” ləqəbli Cəlal Mirağayevin qətlində birbaşa iştirak etməkdə təqsirləndirilən Elmar Cəfərov və Emin Rəhimov əvvəllər başqa cinayət əməlinə görə axtarışda olublar.
Lakin həmin şəxslərin daha əvvəl hansı cinayəti törətməkdə şübhəli bilindikləri və Cinayət Məcəlləsinin hansı maddələri ilə axtarışa verildikləri açıqlanmayıb.
Xatırladaq ki, Elmar Cəfərov və Emin Rəhimova Cinayət Məcəlləsinin 120.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Digər şəxslər isə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Təqsirləndirilən 13 nəfərin hər biri barəsində ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilib.

