Liviya Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın ölkə haqqında işlətdiyi təhqiramiz ifadələrə görə ABŞ-nin Tripolidəki müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq etiraz notası təqdim edib.
Nazirliyin açıqlamasında bildirilib ki, qarşılıqlı hörmət, milli suverenliyin qorunması və diplomatik normalara riayət edilməsi dövlətlərarası münasibətlərin əsas prinsipləridir.
Liviya tərəfi Trampın səsləndirdiyi ifadələrlə bağlı ABŞ-dən rəsmi izahat və həmin ifadələrin düzəldilməsini tələb edib.
XİN vurğulayıb ki, Liviyanın və xalqının ləyaqətinə xələl gətirən, ölkənin nüfuzunu sarsıdan və onu ABŞ-dəki seçki müzakirələrinə cəlb edən istənilən bəyanat qəbuledilməzdir.
Məlumata görə, Donald Tramp Corciya ştatında keçirilən seçki mitinqində Liviya, Yəmən, Somali və Haitini “terrora yoluxmuş ölkələr” adlandırıb.
Liviya Baş naziri Əbdülhəmid Dibeybə də Trampın sözlərinə etiraz edərək ölkəsinin ABŞ ilə münasibətlərini qarşılıqlı hörmət əsasında davam etdirdiyini, Liviya xalqının ləyaqətinin seçki mübahisələrinin mövzusuna çevrilməsini qəbul etmədiyini bildirib.

