Bakının Nərimanov rayonunda avtomobilin skuteri vurması nəticəsində 23 yaşlı gənc həyatını itirib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün saat 04:00 radələrində baş verib. Aqşin Mirzəbəylinin idarə etdiyi “Toyota” markalı avtomobil skuterlə hərəkət edən 23 yaşlı Abdulla Əliyevi vurub.
Qəza svetoforla tənzimlənən piyada keçidində, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması şəraitində baş verib.
Ağır xəsarət alan gənc hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi skuter və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağa çağırıb.

