Keniyada sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 22 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Hadisə ölkənin Makueni bölgəsində, paytaxt Nayrobi ilə liman şəhəri Mombasanı birləşdirən avtomobil yolunun Kanqa ərazisində baş verib.
Makueni bölgəsinin komissarı Abdullahi Xalifin sözlərinə görə, 45 sərnişin daşıyan avtobus ötmə əməliyyatı zamanı qarşıdan gələn yük maşını ilə üzbəüz toqquşub.
Güclü zərbə nəticəsində avtobusun gövdəsinin bir hissəsi parçalanıb. Qəza zamanı 17 nəfər hadisə yerində, daha 5 nəfər isə xəstəxanada həyatını itirib.

Avtobusdakı sərnişinlərin dəfn mərasimindən qayıtdıqları məlum olub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Rəsmilər ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, üç həftə əvvəl eyni avtomobil yolunda baş verən digər qəzada 17 nəfər ölmüşdü.
Keniyanın Milli Nəqliyyat və Təhlükəsizlik İdarəsi hadisənin baş verdiyi ərazinin əvvəllər də yüksək qəza riski olan yol sahəsi kimi müəyyənləşdirildiyini bildirib.

