ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) özünü aviasiya imperiyasının varisi kimi təqdim edərək bankları təxminən 30 milyon dollar aldatmaqda ittiham olunan 75 yaşlı Meri Kerol Makdonnelli ən çox axtarılan fırıldaqçılar siyahısına daxil edib.
CBS News-un məlumatına görə, Makdonnell 2017–2018-ci illərdə müflis olmuş “Bellum Entertainment” prodüser şirkətinin baş direktoru vəzifəsində çalışarkən özünü “McDonnell Aircraft” aviasiya korporasiyasının qurucusu olan ailənin varisi kimi təqdim edib.
Qadın 80 milyon dollarlıq gizli miras fonduna çıxışı olduğunu iddia edərək “Banc of California” bankından 14,7 milyon dollar kredit götürüb. Lakin həmin vəsaiti geri qaytarmayıb.
İstintaqın məlumatına görə, Makdonnell Los-Anceles və Orinc dairələrində fəaliyyət göstərən digər maliyyə qurumlarını da aldadaraq onlara 15 milyon dollardan çox ziyan vurub.
Ümumi maddi zərərin təxminən 30 milyon dollar olduğu bildirilir.
Qadın barəsində 2018-ci ilin dekabrında bank dələduzluğu və şəxsiyyət məlumatlarının oğurlanması ittihamları ilə federal həbs qərarı çıxarılıb.
FTB-nin ehtimalına görə, Makdonnell hazırda Dubayda gizlənir. Onun müxtəlif saxta adlardan istifadə etdiyi də müəyyənləşdirilib.
FTB qadının həbsinə kömək edəcək məlumat üçün 150 min dollaradək mükafat vəd edib.

