Argentinada 24 yaşlı qadının meyiti sevgilisi ilə birlikdə yaşadığı evdə soyuducunun içərisində tapılıb.
“Need To Know” nəşrinin məlumatına görə, iki uşaq anası Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün sonra ailəsi polisə müraciət edib.
Oktyabrın 16-da polis əməkdaşları qadının 37 yaşlı sevgilisi Pablo Esekiel Qomeslə yaşadığı evə baxış keçiriblər. Axtarış zamanı soyuducuda qadın meyitinin qalıqları aşkarlanıb. Meyitin çürüməsini ləngitmək və qoxunu gizlətmək məqsədilə üzərinə sönmüş əhəng töküldüyü müəyyən edilib.
Hadisənin əsas şübhəlisi kimi Qomes müəyyənləşdirilib. İqlesiasın bacısının sözlərinə görə, kişi ona oktyabrın 5-də sevgilisi ilə mübahisə etdiyini, qadının evi tərk etdiyini və daha sonra mesajlarına cavab vermədiyini bildirib.
Qomesin qohumları isə onun hadisədən sonra qaçdığını və meyitin harada gizlədildiyini onlara etiraf etdiyini söyləyiblər.
Şübhəli oktyabrın 19-da polis tərəfindən saxlanılıb. O, həbs zamanı müqavimət göstərməyib.
Ölən qadının bacısı Qomesin qısqanc olduğunu, Kamilanın evinə qonaq gəlməsini və hətta öz uşaqları ilə görüşməsini istəmədiyini bildirib.
Məlumata görə, cütlük təxminən bir il münasibətdə olub. 24 yaşlı qadının əvvəlki münasibətindən iki övladı qalıb.

