Fransada kütləvi etiraz aksiyaları zamanı 1314 nəfər saxlanılıb, 53 hüquq-mühafizə orqanı əməkdaşı isə yaralanıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 24-də keçirilən nümayişlər zamanı polis və jandarm qüvvələri iğtişaşlarda iştirak edən şəxsləri saxlayıblar.
Fransa mediasının məlumatına görə, bu həftə baş verən iğtişaşlar əvvəlki həftə ilə müqayisədə daha az miqyaslı olub.
Belə ki, oktyabrın 17-də ölkənin müxtəlif şəhərlərində hakimiyyətə qarşı keçirilən etirazlar zamanı 2600-dən çox insan saxlanılmışdı. Paris də daxil olmaqla bir sıra şəhərlərdə nümayişlər polislə qarşıdurmalara və dağıntılara çevrilmişdi.
Oktyabrın 24-də təşkil olunan növbəti ümummilli etiraz aksiyalarında iştirakçıların sayı nisbətən az olub.
Məlumata görə, polis bu dəfə mümkün iğtişaşlara qarşı daha ciddi hazırlıq görərək əlavə qüvvələr səfərbər edib.

