“Microsoft” korporasiyası xərclərini azaltmaq məqsədilə 60 mindən çox əməkdaşına kompensasiya müqabilində könüllü işdən ayrılmaq imkanı təklif edib.
“Bloomberg” agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, proqram ABŞ, Böyük Britaniya, Kanada və Hindistanda çalışan əməkdaşları əhatə edir.
Təklifdən şirkətin maliyyə bölməsinin, eləcə də “Xbox”, “Windows” və “Copilot” strukturlarının əməkdaşları yararlana bilərlər.
Lakin məlumat mərkəzləri, satış, marketinq, kibertəhlükəsizlik və kvant hesablamaları sahələrində çalışan işçilər proqrama daxil edilməyiblər.
Hazırda “Microsoft”un dünya üzrə 223 mindən çox əməkdaşı var. Yeni proqram şirkətin ümumi işçi heyətinin təxminən 27 faizini əhatə edir.
Könüllü işdən ayrılanlara ödəniləcək kompensasiyanın məbləği və proqramın qüvvədə olacağı müddət hələlik rəsmi şəkildə açıqlanmayıb.

