Nigeriyanın cənub-şərqində yerləşən Taraba ştatında silahlı hücum nəticəsində ən azı 40 dinc sakin həyatını itirib. Onlarla insanın taleyindən isə hələ də xəbər yoxdur.
Bu barədə “Premium Times” qəzeti hüquq müdafiə qurumlarına istinadən məlumat yayıb.
Bildirilib ki, silahlı şəxslər qonşu Plato ştatından keçərək Tarabanın Karim-Lamido bölgəsindəki Binnari kəndinə hücum ediblər.
Hücumçular yaşayış evlərini, mağazaları və əkin sahələrini yandırıb, dinc sakinləri qətlə yetiriblər.
Şahidlərin sözlərinə görə, itkin düşənlərin sayı çox olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, Nigeriyanın şimal-şərqində fəaliyyət göstərən “Boko Haram” ekstremist qruplaşması ölkədə əsas terror təhdidlərindən biri hesab olunur. Lakin Binnari kəndinə hücumun məhz bu qruplaşma tərəfindən törədildiyi barədə məlumat verilməyib.

