Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı referendumun nəticəsindən asılı olaraq istefa verməyə hazır olduğunu bildirib.
Denmedia.az xəbər verir ki, Paşinyan parlamentdə çıxışı zamanı müxalifətə müraciət edərək konstitusiya referendumunun keçirilməsini təklif edib.
“Əgər xalq səs verməsə, mən gedirəm. Təslim oluram. Təklif edirəm. İmtina edirsiniz?” – deyə o bildirib.
Baş nazir qeyd edib ki, yeni Konstitusiya referendumda dəstəklənərsə, Azərbaycanla sülh prosesini yekunlaşdırmaq, sülh sazişini imzalamaq, nəqliyyat kommunikasiyalarını açmaq və sərhədin mübahisəli hissələri ilə bağlı məsələləri həll etmək niyyətindədir.
Paşinyan bütün bunlardan sonra da baş nazir vəzifəsindən getməyə hazır olduğunu vurğulayıb.
Bununla yanaşı, Ermənistan hökumətinin başçısı Azərbaycanla sülh sazişi imzalanmadan istefa vermək niyyətində olmadığını bildirib.
O, həmçinin müxalifəti sülh prosesinə mane olmaqda ittiham edib.

