Son dövrlərdə Azərbaycanın bir sıra informasiya resursları, xüsusilə “gov.az” domen zonasına daxil olan dövlət saytları DDoS və digər kiberhücumlara məruz qalıb.
Denmedia.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini Həsən Mansurov “Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans”da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu cür hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real və ciddi nəticələr doğura biləcəyini göstərir.
DTX rəisinin müavini son illərdə müxtəlif ölkələrin enerji infrastrukturlarının da irimiqyaslı kiberhücumların hədəfinə çevrildiyini diqqətə çatdırıb.
“Bu ilin oktyabrında Avropa ölkələrindən yalnız birində dövlətin rəqəmsal xidmətlərinə qarşı həyata keçirilən kiberhücum zamanı təxminən 11 milyon sorğu vasitəsilə 750 minə yaxın fərdi identifikasiya nömrəsinə aid məlumatlar icazəsiz ələ keçirilib”, – deyə Həsən Mansurov bildirib.

