ABŞ Prezidenti Donald Tramp İranın kimyəvi və bioloji silahlardan istifadə imkanlarını nəzərdən keçirdiyinə dair məlumatların olduğunu bildirib və mümkün hücum halında Tehranı sərt cavab tədbirləri ilə hədələyib.
Denmedia.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“İranın zəhərli qazlara və bioloji silahlara maraq göstərdiyinə dair əlamətlər var”, – deyə ABŞ lideri bildirib.
Bununla belə, Tramp amerikalıların bu cür silahların ABŞ ərazisində tətbiq olunacağından narahat olmalarına əsas görmədiyini vurğulayıb.
“Belə olacağını düşünmürəm. Amma qulaq asın, əgər bu baş versə, biz onları məhv edəcəyik”, – deyə o, xəbərdarlıq edib.
Bundan əvvəl CNN amerikalı rəsmilərə istinadən ABŞ kəşfiyyatının İranın Vaşinqtonda Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndələrinə qarşı sui-qəsd planları hazırladığına dair məlumat əldə etdiyini yayıb.
Telekanalın məlumatına görə, ehtimal olunan hücumda radioaktiv maddələr yayan “çirkli bomba” və ya kimyəvi silahdan istifadə nəzərdən keçirilir.

